Kitab... Bəzən ağlayaraq oxuduğumuz, bəzən isə qəhrəmanların sevincinə  qoşulduğumuz, özümüzü onların yerinə qoyduğumuz əsərlər.
Kitab... Bəzən sonunun nə ilə bitəcəyini gözlədiyimiz, olacaqlarla razılaşdığımız həyatdır. Bəzən bir kitab oxuyuruq.
Amma oxuduğumuzu son anadək dərk etmirik. Kitab sadəcə ağ vərəqdə yazılmış sətirlər deyil, o həm də körpəlikdə alnımıza yazılmış sətirlərdir.
Hər insan bir kitabdır və hər əsərin oxuyucuları olduğu kimi bu kitabın da öz oxuyucuları vardır. Bəs bu kitabı oxuyanlar kimlərdir?Ata? Ana? Bacı və qardaş? Dost-tanış? Yoxsa yad bir adam? Bu kitabın oxuyucuları baş qəhrəmanın qəlbinə yaxın bildikləridir. Bəzən oxuyucular bu kitabdan bir parçanı anlamaya bilər. Bu parçanı onda yalnız biri anlayır. O da bu kitabın müəllifidir.
Bəs bu kitabları bezmədən , tükənmədən qələmə alan kimdir? İnsan? Xeyr. Tanrı... İnsanların hər zaman dara düşəndə əl açıb kömək dilədiyi, onları hər zaman müxtəlif sınaqlardan keçirən ilahi... Onun yazdığı kitablar adi kitablardan çox fərqlidir. Məsələn: Adi kitablarda müəllif istədiyi zaman əsərin finalını xoşbəxt sonluqla verə bilər. Onun qələmə aldığı kitabda isə bir sonluq vardır. O da “İnsan bir gün dünyaya gəlirsə, bir gün də bu dünyadan köçəcək” fəlsəfəsinə dayanan sonluqdur və bunu heç nə dəyişdirə bilməz. Lakin kitabın sonluğu hər kəsdə eyni deyil. Kimi rahatlıqla, kimi də əzabla dünyasını dəyişərək cismən qara torpağa, ruhən isə Allahın dərgahına qovuşur.

Müəllif: İsgəndərova
Hörmətlə.

Post a Comment

Daha yeni Daha eski